×
A
A
A
Sazlamalar

Almaniyada “Sülhə doğru” adlı konsert təşkil edilib

Bakı, 14 mart, AZƏRTAC

Almaniyanın Bad Meynberq və Horn şəhərlərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Sülhə doğru” adlı konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Almaniyada yaşayan tanınmış musiqiçi və bəstəkar Xədicə Zeynalovanın rəhbərlik etdiyi “Bridge of Sound” orkestrinin martın 12-13-də baş tutan konsertində yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konsertdən öncə Xədicə Zeynalova 30 il əvvəl Ermənistan silahlı birləşmələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımı aktı barədə ətraflı məlumat verib. Sonra onun bəstələdiyi “Ave Maria – Məryəm ana” kompozisiyası təqdim edilib. Kompozisiyanı pianoda Xədicə Zeynalova, akkordeonda Vsevolod Xuotarinen, skripkada İrina Kiçakova, violonçeldə İlay Dahan, sopranoda İrina Trutneva, metsosopranoda Darya Mottebassam, tenorda Rio Sato ifa ediblər.
Konsert yerli mətbuatda geniş işıqlandırılıb.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.

Qan yaddaşı 2022-03-14 19:09:00