×
A
A
A
Sazlamalar

Adi yerimə COVID-19-dan sonrakı şəkərli diabetdən azad olmaqda kömək edir

Bakı, 14 mart, AZƏRTAC
Koronavirus bəzi insanlarda qanda şəkərin səviyyəsinin təhlükəli dərəcədə yüksək olduğu şəkərli diabetin inkişafına səbəb ola bilər. Bunu AZƏRTAC “MedikForum”a istinadla xəbər verir.
Şəkərli diabet – qanda qlükozanın səviyyəsinin kəskin artması ilə xarakterizə edilən patoloji vəziyyətdir. Bu, bədənin insulin istehsal etməyə qadir olmadığı, kifayət qədər istehsal etmədiyi və ya hormonun lazımi qədər şəkər azaldan effekt vermədiyindən baş verir. Nəticədə qanda şəkərin səviyyəsi kritik dərəcədə yüksək ola bilər.
NHS səhiyyə xidmətinin məlumatına görə COVID-19 koronavirus infeksiyası xəstələrində şəkərli diabet inkişaf edə bilər. Xüsusilə, bu ağırlaşma uzunmüddətli COVID-19-dan əziyyət çəkməyə başlayan insanlara xas olur.
“Uzunmüddətli koronavirus insanlarda diabetik ketoatsidozun inkişaf etməyə başladığı səviyyəyə qədər qanda qlükozanın səviyyəsini artırır, bu, 1-ci tip şəkərli diabet olan pasiyentlər arasında yayılan həyat üçün potensial təhlükəli vəziyyətdir”, - deyə Pennington Biotibbi Tədqiqat Mərkəzinin mütəxəssisləri bildirirlər.
Bəzi hallarda diabet COVID-19-u yüngül formada keçirən insanlarda inkişaf edir. Ekspertlərin sözlərinə görə insan COVID-19-u ağır formada keçirməyə bilər, lakin altı aydan sonra bu insanda diabet inkişaf etməsi mümkündür.
Diabetin simptomları: güclü susuzluq hissi, tez-tez sidiyə çıxma (xüsusilə gecə), səbəbsiz şiddətli yorğunluq, çəkinin itirilməsi, təkrarlanan kandidoz, bulanıq görmə, uzun müddət sağalmayan kəsiklər və s.
Eyni zamanda, “Məşğələlər və idman elmləri icmalı” (Exercise and Sport Sciences Reviews) jurnalında dərc edilmiş tədqiqat göstərir ki, adi yerimə də daxil olmaqla, fiziki fəallıq COVID-19-dan sonrakı şəkərli diabetin simptomlarından azad olmağa kömək edir.
“Məşğələlər qanda şəkərin səviyyəsinin artmasına, eləcə də diabetin inkişafına və ağırlaşmasına səbəb olan iltihabı aradan qaldırır. Yerimə də məşğələdir: gündə 30 dəqiqə yerimək lazımdır”, - deyə mütəxəssislər məsləhət görürlər.

Sağlamlıq klubu 2022-03-14 18:11:00