×
A
A
A
Sazlamalar

Roma Papası Fransisk Həzrətlərinə

Zati-müqəddəsləri,

Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çoxəsrlik tolerantlıq ənənələrinə və multikultural dəyərlərə sadiq qalan Azərbaycanla Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış ali səviyyəli səmimi dialoq və qarşılıqlı anlaşma bizi olduqca sevindirir.
Bu münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir, dinlərarası və mədəniyyətlərarası konstruktiv dialoqun təşviqində Azərbaycanın öncül roluna verdiyiniz qiymətə görə minnətdarlığımı bildirirəm.
Azərbaycanda dini-mənəvi müxtəlifliyin, o cümlədən xristian dini irsinin qorunub-saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu xüsusda, ölkəmizdə katolik dini icmasına böyük diqqət və qayğı göstərilir. Eyni zamanda, Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr ölkəmizin dünya mədəni irsinin qorunmasına verdiyi önəmin bariz nümunəsidir.
İnanıram ki, ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın bərqərar olması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı fəaliyyət və səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, humanizm ideallarının təntənəsi uğrunda ali mənəvi missiyanızda müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2022-ci il

Məktublar 2022-03-12 14:23:00