×
A
A
A
Sazlamalar

Müzəffər Ordumuz qürurumuzdur

Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm Qələbə təkcə Qafqaz regionunda deyil, bütün dünyada böyük əks-səda doğurdu. Aparılan döyüşlər 2020-ci il noyabrın 10-da Azərbaycanın şanlı Qələbəsi, Ermənistan ordusunun tam məğlubiyyəti, kapitulyasiyası ilə yekunlaşdı. 44 gün davam edən Vətən müharibəsi bütün dünyaya Azərbaycan dövlətinin qüdrətini, Ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdi. Rəsmi İrəvanın öz ordusu barədə yaratdığı “məğlubedilməzlik” təsəvvürü yerlə-yeksan edildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov söyləyib.
Partiya sədri bildirib ki, bu gün ordumuz dünyanın ən güclülərindən biridir. Bu, hər bir soydaşımızda qürur doğurur. Vətən müharibəsi zamanı da bunun şahidi olduq. Qazanılan parlaq Qələbə hər bir soydaşımızda qürur doğurur. Əlbəttə, bu, hərbi sahədə aparılan uğurlu islahatların nəticəsində mümkün olub. İlham Əliyev prezident seçiləndən sonra ölkənin hərbi baxımdan güclənməsi və regionda ən güclü silahlı qüvvəyə malik olması vəzifəsini qarşıya qoydu. Bu müddət ərzində ölkəmizin hərbi xərcləri 24 dəfə artıb. Dövlətimizin başçısı proqram xarakterli çıxışlarında bəyan etdi ki, Azərbaycanın qarşısında hərbi büdcəni artıraraq Ermənistanın ümumi dövlət büdcəsini keçmək vəzifəsi dayanır. 2004-cü ildən etibarən ölkəmiz öz hərbi xərclərini bu vəzifəyə uyğun olaraq hər il artıraraq Prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə çatdı və onu keçdi.
K.Seyidov deyib ki, ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş Silahlı Qüvvələrinin yaradılması, saxlanması böyük həcmdə vəsait etdiyi üçün bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün oldu. 2006-cı ildə Azərbaycan hərbi xərclərdə daha böyük artım etdi, bu məqsədlə dövlət büdcəsindən 750 milyon ABŞ dolları ayrıldı. 2007-ci ildə isə hərbi xərclər 1 milyard dollara yaxınlaşdı. Nəhayət, 2010-cu ildə bu xərclər 2 milyard 150 milyon dollara çataraq Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötdü. Bu, Ermənistan üçün psixoloji baryerin keçilməsi idi və Azərbaycan ərazilərini işğal altında saxlayan tərəf onunla hərbi potensial baxımından rəqabətə girməyin qeyri-mümkünlüyünü anladı.
Azərbaycan hərbi xərclərinin artımını bununla dayandırmadı və ildən- ilə artırıldı. 2022-ci ilin dövlət büdcəsindən hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin məbləği rekord həddə çatıb: 4 milyard 489 milyon 892 min 429 manat.
K.Seyidov diqqətə çatdırıb ki, ölkəmizdə 1300-dən çox adda hərbi təyinatlı silah-sursatın istehsal olunması dövlətimizin başçısının ordu quruculuğuna verdiyi xüsusi önəmin bariz nümunəsidir. Müharibə aparan ölkə üçün bunun çox önəmli olduğunu bildirən partiya sədri deyib: “Söz yox ki, rəşadətli Ordumuz Ermənistanın 30 ilik işğalına son qoydu və düşməni diz çökdürdü. Düşmən məkrli və hiyləgərdir. Ona görə də dövlətimizin başçısı qeyd etdiyi kimi, biz ehtiyatımızı əldən verməməli, ordu quruculuğunu daim inkişaf etdirməli və hər an hazır olmalıyıq. Elə bunun nəticəsidir ki, bu gün torpaqlarımızın hər qarışını qorumağa qadir olan ordumuz var. Təbii ki, bu uğurları yalnız güclü iqtisadiyyata malik olan dövlətlər qazana bilər. Azərbaycan da məhz belə dövlətlərdəndir”.
K.Seyidov vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dinamik iqtisadi inkişafı, torpaqlarımızın işğaldan azad edilməsi və dünya dövlətlərinin ədaləti dəstəkləməsi, işğalçının ifşa olunması istiqamətində işlər uğurla davam etdirildi. Bunlarla bərabər, Silahlı Qüvvələrimizin gücləndirilməsi, ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldilməsi, müasir döyüş texnikaları ilə, silah-sursatla təchizatı daim diqqət mərkəzində saxlanıldı. Bu gün də həmin proses davam etdirilir.
Partiya sədri ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsindən də söhbət açıb. Bildirib ki, Azərbaycan dost Pakistandan, Belarusdan, Ukraynadan, qardaş Türkiyədən, İsraildən, Rusiyadan və başqa ölkələrdən ən müasir silahlar alaraq daim öz hərbi arsenalını zənginləşdirir: “Hazırda Silahlı Qüvvələrimiz müasir zirehli texnika ilə, artilleriya və aviasiya ilə komplektləşdirilir. Raketdən müdafiə sistemləri, təyyarələr və döyüş helikopterləri alınaraq səmamızın təhlükəsizliyi möhkəm qorunur, bundan başqa, yaxın və uzaqmənzilli böyük dağıdıcı gücə malik olan raketlərimiz Ermənistanı vahimə içərisində saxlayır”.
K.Seyidov Azərbaycanın XXI əsrdə Zəfər paradı keçirən ilk ölkə olduğunu bildirib: “Bu, ölkəmizin dünya miqyasındakı reytinqini daha da yüksəldib. Zəfər paradı ölkəmizin gücünü, rəşadətli Ordumuzun qüdrətini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə qalib sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız şanlı Qələbə xalqımızın qələbə əzminin də əyani təsdiqidir”.

Ordu 2022-03-11 15:23:00