Nazir Ceyhun Bayramov ATƏT-in Baş katibini üçtərəfli bəyanatların icrası istiqamətində atılan addımlar barədə məlumatlandırıb
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində martın 11-də ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri, habelə regionda baş verən ən son proseslər barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov həmsöhbətinə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində, xüsusilə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Nazir, həmçinin üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan danışıb.
Eyni zamanda, postmünaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in mümkün iştirakı ətrafında məsələlər müzakirə olunub.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər.
Keniyanın Baş naziri Ermənistanın qeyri-konstruktiv addımları barədə məlumatlandırılıb
Azərbaycanın Baş naziri monteneqrolu həmkarı ilə görüşüb
Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri və Baş direktorunun müavini ilə görüşüb