×
A
A
A
Sazlamalar

İşğaldan azad olunan ərazilərdə ilin əvvəlindən indiyədək 955 hektardan çox ərazi tam təmizlənib

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri işğaldan azad olunan ərazilərimizin minalardan və partlamamış döyüş sursatından təmizlənməsi işlərini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar mühəndis-istehkam bölmələri tərəfindən minalardan və qar örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Həmçinin əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad olunan ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 2022-ci ilin əvvəlindən bu günədək 955 hektardan artıq ərazi tam təmizlənib, 233 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
Ümumilikdə işğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14 min 448 hektardan artıq ərazi tam təmizlənib, piyada əleyhinə 6092, tank əleyhinə 2159 mina və 9237 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib.
Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Ordu 2022-03-10 17:18:00