×
A
A
A
Sazlamalar

“Technest” Təqaüd proqramı çərçivəsində tələbələrin innovativ layihələrinin təqdimatı keçirilib

Bakı, 9 mart, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyində nazirliyin “Technest” Təqaüd proqramının bir qrup istedadlı tələbəsi ilə görüş təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 20-dən çox innovativ ideya və layihə təqdimatını keçirən tələbələr yenilikçi və sahibkar təfəkkürü ilə qonaqlar qarşısında uğurla çıxış ediblər. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tələbələrin təqdimatını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
“Biz “Technest” Təqaüd proqramının dəstəyi ilə gələcək karyera yolunu seçmiş bu gənclərin uğurlarından məmnunluq duyuruq. Bu gün gənclərimiz təhsil, bilik və davamlı inkişafa aparan yolun başlanğıcındadırlar. İnanıram ki, “Technest” milli brendə çevrilərək smart nəslin formalaşmasında önəmli rol oynayacaq. Proqramın builki nəticələri bizi çox ruhlandırır. İKT üzrə bir sıra kurslarda təhsil alan 50 tələbəmiz artıq müxtəlif müəssisələrdə işlə təmin olunub. Qısa müddətdə bu, olduqca yüksək nəticədir”, – deyə Rəşad Nəbiyev vurğulayıb.
Görüşdə bildirilib ki, “Technest” proqramının özəlliyindən biri də yuxarı sinif şagirdlərinin məktəbdə təhsil almaqla yanaşı, rəqəmsallaşan dünyanın tələb etdiyi yeni peşə sahələri üzrə bilik və bacarıqlarını əhəmiyyətli şəkildə inkişaf etdirməsidir. Şagirdlər təkcə qabaqcıl İKT proqramlarının istifadəçiləri kimi deyil, həm də onların yaradıcıları kimi yetişdirilir. 
Maraqlı diskussiya şəraitində davam edən görüşdə tələbələrin “Technest” proqramı ilə bağlı rəy və təklifləri dinlənilib.
Qeyd edək ki, sözügedən proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən start götürüb. “Technest” Təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Proqram çərçivəsində 120 məktəbli, 618 tələbə və məzun bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alırlar.
2022-ci ildə “Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi və işlə təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı əsasında “Whelp” startapı ilə birgə təsis etdiyi “Code and More” təhsil layihəsi və nazirliyin “İKT Lab” Tətbiq və Tədris Mərkəzi ilə yanaşı ölkədə İKT üzrə peşəkar kurslar təşkil edən “Code Academy”, İsrail-Azərbaycan Təlim Mərkəzi, Tech Academy, “ABB Tech” Akademiyası və İnnovasiyalar Mərkəzi ilə yaxından əməkdaşlıq edir.

İKT 2022-03-09 12:27:00