×
A
A
A
Sazlamalar

Braziliyanın televiziya kanalında Xocalı soyqırımından danışılıb

Bakı, 6 mart, AZƏRTAC

Braziliyanın “Comunitaria De Brasilia TV” televiziya kanalında “Por Brasilia” proqramında səfir Elxan Poluxovun Xocalı soyqırımına həsr olunmuş müsahibəsi yayımlanıb.
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, proqramın aparıcısı jurnalıst Fabiana Ceyhan bu il Xocalı soyqırımının 30-cu ildönümü olduğunu söyləyərək, “Xocalıya Ədalət!” kampaniyası haqqında danışıb, izləyiciləri bu kampaniyaya qoşulmağa çağırıb.
Proqramda E.Poluxov Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək dünyanın və o cümlədən Latın Amerika bölgəsinin bir sıra ölkələrinin bu faciəvi hadisənin dövlət və qanunverici orqanları tərəfindən soyqırımı kimi tanıdıqlarını bildirib. “Xocalıya Ədalət” kampaniyasının əsas məqsədi dünya ictimaiyyəti tərəfindən bu faciənin unudulmaması və bir daha təkrar olunmaması olduğu qeyd edilib. Braziliyada insan hüquqları və bəşəri dəyərlər məsələlərinə çox həssas yanaşıldığını deyən səfir, tamaşaçıları və yerli əhalini “Xocalıya Ədalət!” kampaniyasına dəstək verməyə çağırıb.
Həmçinin müsahibə çərçivəsində E.Poluxov Rusiya ilə Ukrayna arasında baş verən münaqişə ilə bağlı ölkəmizin tutduğu mövqe haqqında məlumat verib və mövcud Azərbaycan-Braziliya münasibətləri haqqında da danışıb. Proqramda Xocalı soyqırımına həsr olunmuş foto və videomateriallar da nümayiş etdirilib.
Qeyd olunub ki, veriliş cümə, şənbə və bazar günlərində paytaxt Braziliya şəhərində geniş izləyici kütləsinə malik “Comunitaria De Brasilia TV” televiziya kanalında yayımlanıb və təqdim olunan keçid vasitəsilə ona baxmaq mümkündür: https://www.youtube.com/watch?v=iGD5JpUfb7Y .

Xocalı faciəsi 2022-03-06 01:35:00