×
A
A
A
Sazlamalar

Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq istəyən namizədlərin qəbulu prosesi ilə tanışlıq məqsədilə mediatur təşkil edilib VİDEO

Bakı, 5 mart, Nicat Məmmədov, AZƏRTAC

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müddətdən artıq hərbi qulluqçu olmaq istəyən şəxslərin qəbulu prosesinin mətbuat nümayəndələri tərəfindən işıqlandırılması məqsədilə martın 5-də media tur təşkil edilib.
Mediatur zamanı bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən etibarən qoşun növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edirlər. Qəbul prosesi martın 19-dək davam edəcək.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilirlər. Hərbi Həkim Komissiyalarının qərarına əsasən, hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.
Qeyd edək ki, sənədlər martın 19-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi), Qaradağ rayonu “Puta” hərbi şəhərciyi və Kürdəmir şəhərindəki hərbi hissədə qəbul edilir.
Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum edilmiş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

 

Ordu 2022-03-05 16:07:00

Video