×
A
A
A
Sazlamalar

İsrailin Or-Akiva şəhərində Xocalı soyqırımının qurbanları yad edilib

Bakı, 4 mart, AZƏRTAC

İsrailin Or-Akiva şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Or-Akiva şəhər bələdiyyəsinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirə qonaq qismində Qiryat-Yam şəhərinin vitse-meri Adam Amilov, Niderlanddan Boris Şapiro, “Kanal-24”ün rəhbəri Səadət Şükürova, “STMEQİ” media-qrupunun İsraildəki təmsilçiləri Xana Rafael və Yuli Mordek, jurnalist-bloger, Dağ yəhudiləri icmasının fəalı, “Or-Akiva bu gün” portalının baş redaktoru İqor İzyayev qatılıblar.
Tədbirdə Milli Məclisin deputatları Sevil Mikayılova və Anatoli Rafailov, Ümumisrail Yəhudilər Birliyinin sədri Pavel Yelizarov, “Azİz” assosiasiyasının prezidenti Lev Spivak, “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, “Azİz” assosiasiyasının icraçı direktoru, “Sholumi” mərkəzinin rəhbəri Şaul Siman-Tov, Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü Batsion Abramova, “Sevgi” ansamblının direktoru Mark Aqarunov, bədii rəhbəri Salman Rabayev, Gənclər və təqaüdçülər klubunun fəalı Aydın Nuruşov çıxış ediblər.
Xocalı soyqırımı ilə bağlı xalqımızın dərdinə şərik olduqlarını bildirən natiqlər faciə qurbanlarının əziz xatirəsini yad ediblər, Azərbaycan və İsrail arasında strateji tərəfdaşlıq, dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olmasından məmnunluqlarını ifadə ediblər.
ABŞ-da səfərdə olan Or-Akiva şəhərinin vitse-meri Yelena Zaslavskaya videoçıxışı zamanı Xocalı soyqırımı ilə bağlı xalqımızla həmrəy olduğunu vurğulayıb.
Azərbaycan dilində çıxış edən Batsion Abramova müəllifi olduğu “Mənim dünyam” şeirlər toplusundan Xocalı soyqırımına, Yeganə Salman isə Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü Mixail Salmanın “Qalib Azərbaycan” şeirlər toplusundan Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunan şeirləri oxuyublar.
Tədbir “Sevgi” ansamblının ifasında Azərbaycan kompozisiyalarının təqdim olunması ilə davam edib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Qan yaddaşı 2022-03-04 19:21:00