×
A
A
A
Sazlamalar

Arye Qut: Dünya erməni faşist-vandalların Xocalıda törətdiyi qəddarlıqlar barədə daha çox bilməlidir

Bakı, 4 mart, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki rəsmi nümayəndəliyi, “İsraildə Azərbaycan evi”, beynəlxalq “IRS Magazine” jurnalı və “PASHA Life Insurance” şirkəti müasir Azərbaycan Respublikasının tarixində ən dəhşətli faciələrdən biri olmuş Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə İRS jurnalının ivrit dilində nəşrinin və İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Qələbəsinə həsr edilmiş “Qarabağın qara kitabı” adlı kitabın təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut bu məlumatı “Thej.ca” Kanada-İsrail media platformasına müsahibəsində açıqlayıb.
Tədbirdə israilli siyasi və ictimai xadimlər, beynəlxalq “IRS-Heritage” jurnalının baş redaktoru Musa Mərcanlı, “PASHA Life Insurance” şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov, İsrail Knessetinin deputatı Elina Bardaç-Yalova və Azərbaycan Milli Məclisinin deputatı Anatoli Rafailov, habelə İsrailin Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Arye Qut bildirib ki, Xocalıda törədilmiş amansız soyqırımı aktı XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən biri olub. O deyib: “Dünya erməni vandalları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş dəhşətli amansızlıqlar və insana nifrət aktları barədə daha çox bilməlidir. Ermənilər Xocalını Azərbaycanın tarixi-mədəni irsini əks etdirən bir yaşayış məntəqəsi kimi məhv etmək istəyirdilər. Söhbət XVI əsrə aid Xocalı-Gədəbəy mədəniyyətindən gedir. Daş kitabələr, kurqanlar və nekropol kimi qəbirüstü abidələr Azərbaycanın qədim insan məskənlərindən biri olan Xocalıya mənsubdur. Qədim tarixə malik olan bu şəhər bircə gecə içində dağıdılıb, yandırılıb və məhv edilib”.
Ekspert bu hadisələri beynəlxalq hüquq normalarına əsasən soyqırımı aktı adlandıraraq əlavə edib ki, Xocalının dinc sakinlərinin məhv edilməsinin yeganə səbəbi onların azərbaycanlı olması idi. Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı beynəlxalq hüquqa, Cenevrə konvensiyalarına, habelə BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilmiş İnsan Haqları Bəyannaməsinin 2, 3, 5, 9 və 17-ci maddələrinə ziddir.
Ekspert Arye Qut vurğulayıb ki, Xocalı Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğala və etnik təmizləməyə məruz qalmasının növbəti mərhələsi olub. O deyib: “Günahsız uşaqlara, qadınlara və qocalara qarşı törədilmiş bu vəhşicəsinə qəddarlığın izahı yoxdur deyil. Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə Xocalıda sağ qalmış, erməni silahlı qüvvələri tərəfindən tutulmuş sakinlərlə bir neçə dəfə görüşmüşəm. Onlar ermənilərin vəhşiliyi barədə dəhşətli faktlar söyləyir. Erməni vandallarının qəddarlığını göstərirdilər”.
A.Qut sözünə davam edərək deyib: “Azərbaycan dövləti Xocalı haqqında həqiqəti dünyaya söyləməklə erməni xalqına qarşı düşmənçi əhval-ruhiyyə yaratmaq niyyətində deyil. Biz istəyirik ki, dünya ictimaiyyəti erməni xalqını təmsil edən və bu gün Ermənistanın indiki siyasi elitasında qalmış cinayətkarlar barədə bilsin. Biz onların törətdiyi əməllərin mahiyyətini dünyaya çatdırmaq istəyirik ki, bu cür qanlı faciələr bir daha təkrarlanmasın. Biz yalnız Xocalıya ədalət istəyirik!”
Arye Qut deyib ki, o dəhşətli, insanlığa zidd qırğının qəddar və amansız səhnələri Azərbaycan xalqının qəlbində silinməz iz kimi qalacaq. İsrailli ekspert nüfuzlu “Thej.ca” Kanada-İsrail media platformasına müsahibəsinin sonunda deyib: “Heç bir təqsiri olmayan azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı aktı nəticəsində həmin insanların həyatı yarımçıq qalıb. İnsanlığa qarşı bu dəhşətli cinayəti törədənlər beynəlxalq məhkəmələr tərəfindən məsuliyyətə cəlb edilməyib, onların cinayətləri cəzasız qalıb. İkinci Dünya müharibəsindən sonra nasistlərin əksəriyyəti Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında cavab verib. Bundan fərqli olaraq, Xocalı soyqırımı aktının müasir Ermənistan Respublikasındakı ideoloqları və icraçıları – Serj Sarkisyan, Robert Koçaryan və Seyran Ohanyan azadlıqdadırlar və üstəlik, müasir Ermənistan parlamentində təmsil olunublar. Onları törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb etməyin vaxtıdır. Xocalıya ədalət zəfər çalmayınca, həmin qırğının qurbanlarının ruhu rahat olmayacaq”.

Xocalı faciəsi 2022-03-04 16:40:00