×
A
A
A
Sazlamalar

Misirli kinematoqrafçı: Xocalı qırğını barədə sənədli filmimiz bir sıra ərəb telekanallarında nümayiş etdirilib

Qahirə, 4 mart, AZƏRTAC

Misirdə fəaliyyət göstərən “SOİC” kinematoqrafiya şirkətinin müsəlman aləmində ilk dəfə öz vəsaiti və təşəbbüsü ilə Azərbaycanın və İslam dünyasının, habelə bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı haqqında iki il əvvəl lentə aldığı “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı sənədli filmi faciənin 30-cu ildönümündə də müxtəlif ərəb telekanallarında nümayiş etdirilib. Film, həmçinin sosial şəbəkələrdə yüz minlərlə insan tərəfindən izlənilib və bəyənilib.
Bu barədə AZƏRTAC-a müsahibəsində misirli kinematoqrafçı, filmin bədii rəhbəri Əhməd İsmayıl bildirib. O əlavə edib ki, yaradıcı heyət özünün əsas məqsədinə - Xocalı soyqırımı haqqında həqiqətləri Şimali Afrika və Yaxın Şərq regionlarında daha geniş yaymağa nail olub. Bu sənədli filmin əsasında teleserial da lentə almaq istədiyini diqqətə çatdıran Ə.İsmayıl bildirib ki, bir kino xadimi kimi ermənilərin törətdikləri qətliamın təqsirkarlarının məhkəmə prosesi barədə sənədli film çəkməyi də arzu edir. “Bütün prosesləri diqqətlə izləmişəm və hasil etdiyim qənaət ondan ibarətdir ki, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu qırğını pisləmək yetərli deyil. Xocalı soyqırımında əli olanlar Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməli, Ermənistan isə faciə qurbanlarının ailələrinə təzminat ödəyərək bu soyqırımı törətdiyini etiraf etməlidir”, -deyə kinematoqrafçı vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xocalı faciəsi 2022-03-04 14:37:00