×
A
A
A
Sazlamalar

İşğaldan azad olunan ərazilərdə bu günədək 14 min hektardan çox ərazi tam təmizlənib

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Ordumuzun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad olunan ərazilərdə mühəndis işləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Həmçinin əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur.
Azad olunan ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində fevralın 1-dən martın 3-dək olan müddətdə 870 hektardan artıq ərazi tam təmizlənib, 227 mina və partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Ümumilikdə işğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14 min 365 hektardan artıq ərazi tam təmizlənib, piyada əleyhinə 6092, tank əleyhinə 2159 mina və 9231 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib.
Minatəmizləmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

 

Ordu 2022-03-04 12:48:00