×
A
A
A
Sazlamalar

Almaniya mətbuatı Xocalı soyqırımından yazıb

Berlin, 4 mart, AZƏRTAC

Almaniyanın “trtdeutsch.com” portalında diaspor fəalı Samir Həsənovun müəllifliyi ilə “Xocalı qətliamının 30-cu ildönümü: sıxışdırılmış, gizlədilmiş, unudulmuş!” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Xocalının hər hansı beynəlxalq hüquq normasına məhəl qoyulmadan silahsız və günahsız mülki şəxslərə qarşı amansız şəkildə törədilmiş kütləvi qırğının simvolu olduğu qeyd olunur. Bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən soyuq qış gecəsində sayca üstün və yaxşı silahlanmış erməni birləşmələri həmin vaxt bölgədə yerləşən 366-cı sovet-rus motoatıcı alayının köməyi ilə Xocalıya hücuma keçiblər. Həmin vaxt Xocalıda şəhəri tərk etməyə macal tapmamış, əsasən ahıllar, qadınlar və uşaqlardan ibarət təxminən 2 minə yaxın mülki şəxs olub. İki saatdan az bir müddətdə 600-dən artıq dinc sakin vəhşicəsinə qətlə yetirilib. Bu günə qədər bir çox girov barədə hər hansı məlumat yoxdur. “Human Rights Watch” baş verənləri birinci Qarabağ müharibəsinin “ən böyük mülki qırğını” kimi təsnif edib.
Məqalədə qeyd olunur ki, 30 il keçməsinə baxmayaraq, Ermənistanda heç kim Xocalıda baş verənləri etiraf etmək istəmir. Bu barədə müzakirələr tabu hesab olunur. Əksinə, bu qanlı faciəni törədən canilər müqəddəsləşdirilir və ictimaiyyətə “qəhrəman” kimi təqdim olunur. Müəllif Qərb, o cümlədən Almaniya hüquq müdafiəçilərinin və media nümayəndələrinin bu cinayətlə bağlı inkarçı mövqe tutmasının və qəsdən susmasının qəbuledilməz hal olduğunu bildirir. Bunun səbəblərinin qismən kifayət qədər marağın və cəsarətin olmaması, qismən isə dini faktorlarla əlaqəli olduğunu ifadə edir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xocalı faciəsi 2022-03-04 04:45:00