×
A
A
A
Sazlamalar

İspan nəşri: Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı ən ağır cinayətlərdən biri hesab olunur

Madrid, 3 mart, AZƏRTAC

İspaniyanın iqtisadiyyat və maliyyə jurnalının “elmundofinanciero.com” saytında hüquqşünas, Pan-Avropa Beynəlxalq Birliyinin üzvü Karlos Uriartenin “Xocalı soyqırımı qurbanlarının 30-cu ildönümü” adlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, nəşr diqqətə çatdırır ki, Barselonada Xocalı soyqırımı qurbanlarının anım mərasimində Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov çıxış edib. Kataloniya Musiqisi Sarayında azərbaycanlı bəstəkar Turan Manafzadənin dirijorluğu ilə Kataloniya orkestrinin ifasında xatirə konserti təşkil olunub.
İspaniya nəşri yazır ki, 1992-ci il fevralın 26-da ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri hesab olunur.
K.Uriarte qeyd edir ki, Azərbaycan parlamenti 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-nı “Xocalı soyqırımı günü” elan edib.
Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verilib ki, bu kampaniyanın əsas məqsədi Xocalı faciəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və dünya birliyi tərəfindən siyasi, hüquqi və mənəvi qiymətinə nail olmaqdır.
İspaniya nəşri vurğulayır ki, Xocalı faciəsinin günahı Azərbaycan xalqına qarşı soyqırımı törədən Ermənistanın ovaxtkı hərbi-siyasi rəhbərliyinin üzərinə qoyulmalı və bu, unudulmamalıdır.
Karlos Uriarte yazır: “Torpaqlarının 20 faizi 30 ilə yaxın işğal altında olan Azərbaycan bütün terror aktlarını və işğalçılıq siyasətini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti bu cür hərbi cinayətlərə qarşı mübarizə apararaq həmrəylik nümayiş etdirməyə səy göstərməyə çağırır”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xocalı faciəsi 2022-03-03 16:33:00