×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə 2022-2023-cü tədris ili üçün qəbul qaydaları açıqlanıb

Bakı, 28 fevral, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə hərbi tibb, stomatologiya və hərbi feldşer işi ixtisasları üzrə 2022-2023-cü tədris ili üçün qəbul qaydaları açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi tibb, stomatologiya və hərbi feldşer işi ixtisasları üzrə hərbi tibb fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından hərbi xidmətə yararlı qərarı ilə keçmiş namizədlər buraxılacaqlar.
Tədris Azərbaycan dilində olmaqla əyani formada hərbi tibb ixtisası üzrə 6 il, stomatologiya ixtisası üzrə 5 ildir. Hərbi tibb fakültəsinə qəbul olan şəxslər ödənişsiz əsaslarla təhsil alacaqlar.
Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər IV kursadək, stomatologiya ixtisası üzrə qəbul olmuş şəxslər III kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edəcəklər və onlara bütün növ təminatlar şamil olunacaq.
Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər IV kursadək, (Stomatologiya ixtisası III kursadək) ayda 90, son iki ili isə ayda 181 manat məbləğində müavinət alacaqlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursant və tələbələrin aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr ediləcək.
Hərbi feldşer işi ixtisası üzrə təhsil müddəti 3 ildir. Bu ixtisas üzrə hərbi tibb fakültəsinə qəbul olanlar təhsil müddətində bütün təminat növləri ilə təmin ediləcək və ayda 243 manat məbləğində müavinət alacaqlar.
Hərbi tibb, stomatologiya və hərbi feldşer işi ixtisası üzrə hərbi tibb fakültəsinə cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan, habelə 18 yaşından 23 yaşınadək müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəli Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hərbi tibb, stomatologiya və hərbi feldşer işi ixtisası üzrə hərbi tibb fakültəsinə qəbul olmaq istəyən namizədlər 2022-ci il aprelin 1-dən 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.
Ərizəyə əlavə olunacaq sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Namizədlər hər hansı səbəbdən hərbi tibb fakültəsindən xaric edilərsə Azərbaycan Tibb Universitetindən xaric olunacaqlar və ali təhsilə bərpa edilməyəcəkləri barədə öhdəlik götürürlər.
Namizədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildiriləcək.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndəriləcək.
Hərbi tibb və stomatologiya ixtisasları üzrə namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verəcəklər. Qəbul imtahanları IV ixtisas qrupunun fənləri üzrə keçirilir.
Hərbi feldşer işi ixtisası üzrə namizədlərin hərbi tibb fakültəsinə qəbulu müvafiq tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
Qəbul imtahanının tarixi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.
Sənədlər Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. (əlaqə telefonu: 012-431-39-73).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim etməlidirlər (əlaqə telefonu: 036-544-00-15, 036-544-00-16).

 

Ordu 2022-02-28 14:30:00