×
A
A
A
Sazlamalar

Qidaların zənginləşdirilməsi

Bakı, 3 mart, AZƏRTAC

Texnoloji emal prosesi nəticəsində qida mәhsulları öz faydalı xüsusiyyәtlәrinin bir qismini itirir. Bu baxımdan da insan sağlamlığının təmin olunmasında gündəlik istehlak edilən qida məhsullarının zəruri komponentlərlə zənginləşdirilməsi səmərəli çıxış yolu sayılır. Qidaların tərkibinin yaxşılaşdırılması üçün әsasən vitamin vә minerallardan istifadə olunur. Zәnginlәşdirilәn qida məhsullarına әsasәn duz, buğda vә qarğıdalı unu, şәkәr, bitki yağları, düyü və digərlərini göstərmək olar.
AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssislərinin hazırladığı maarifləndirici məqalədə qidaların zənginləşdirilməsinin əhəmiyyəti haqqında bəhs edilir.
Ən çox zənginləşdirilən qida məhsulları arasında buğda unu xüsusilə seçilir. Unun zənginləşdirilməsi, yəni mikronutriyentlərin kiçik miqdarının una əlavə olunması zəruri qida maddələri çatışmazlığının aradan qaldırılmasında düzgün yanaşma üsulu hesab olunur. Unun zənginləşdirilməsi onun emalı zamanı itirilmiş komponentlәrin bərpa olunmasını təmin edir.
Qidaların zәnginlәşdirilmәsi qeyri-düzgün qidalanma nəticəsində yaranan bir sıra xәstәliklәrin aradan qaldırılmasında özünü doğruldub. Belə ki, qidaların zənginləşdirilməsi bir sıra xəstəliklərin qarşısının alınmasına, immun sistemin gücləndirilməsinə və koqnitiv inkişafa (idrak, qavrama, intellekt və s.) müsbət təsir göstərir.
Qeyd edək ki, zənginləşdirilmiş qidalar orqanizmdə müəyyən qida maddələrinin çatışmazlığının qarşısını almaq üçün bir və ya bir neçə fizioloji funksional inqrediyentin əlavə olunduğu ənənəvi qidalardır. Zənginləşdirilmiş qidaların bir sıra növləri var: vitamin və minerallarla zənginləşdirilmiş məhsullar; zülalla zənginləşdirilmiş məhsullar; qida lifi ilə zənginləşdirilmiş məhsullar; probiotik mikroorqanizmlərlə zənginləşdirilmiş məhsullar.
Qidanın mikronutriyentlərlə zənginləşdirilməsi isə bir neçə prinsipə əsaslanır: qida məhsullarının zənginləşdirilməsi üçün çatışmazlığı olan, eləcə də geniş yayılmış və sağlamlıq üçün təhlükəsiz sayılan mikroelementlərdən istifadə edilməlidir. Məsələn, C, E, B qrupu vitaminləri, fol turşusu, karotin, həmçinin yod, dəmir və kalsium kimi minerallar və s. Vitamin və minerallarla gündəlik qidalanmada müntəzəm olaraq istifadə edilən kütləvi istehlak məhsullarını zənginləşdirmək lazımdır. Həmin məhsullara un və çörək məhsulları, süd və süd məhsulları, duz, şəkər, içkilər, uşaq qidaları və s. aid edilir.
Qida məhsullarının vitamin və minerallarla zənginləşdirilməsi onların istehlak xassələrini pozmamalıdır: onların tərkibində olan digər qida maddələrinin tərkibini və həcmini azaltmaq, məhsulların dadını, qoxusunu, təzəliyini əhəmiyyətli dərəcədə dəyişmək, saxlama müddətini azaltmaq; tətbiq olunan yaxşılaşdırıcıların bir-biri ilə və zənginləşdirilmiş məhsulun komponentləri ilə kimyəvi qarşılıqlı təsirinin mümkünlüyünü nəzərə almaq, həmçinin belə birləşmələri, formaları, üsulları və tətbiq mərhələlərini seçmək lazımdır. İstehsalı və saxlanması zamanı məhsulun maksimum təhlükəsizliyi qorunmalıdır.
İstehsalçı tərəfindən tənzimlənən vitamin və mineralların tərkibi zənginləşdirilmiş məhsulun adi istehlak səviyyəsində həmin mikroelementlərə olan orta gündəlik tələbatın 30-50 faizini ödəməyə kifayət etməlidir.
Qablaşdırma üzərində tətbiq olunmuş yaxşılaşdırıcıların tərkibi mütləq göstərilməlidir.
Zənginləşdirilmiş məhsulların effektivliyi yalnız təhlükəsizliyini, məqbul dadını deyil, həm də yaxşı həzm olunduğunu, orqanizmə daxil olan vitamin və minerallarla təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq qabiliyyətini nümayiş etdirərək sınaqdan keçirilməklə təsdiqlənməlidir.

 

Sağlamlıq klubu 2022-03-03 12:50:00