×
A
A
A
Sazlamalar

Kosta-Rika telekanalında Xocalı soyqırımı barədə veriliş yayımlanıb

Bakı, 3 mart, AZƏRTAC

Kosta-Rikanın “Horizontes” telekanalında Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş proqram yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Komitənin dəstəyi və Kosta-Rikada yaşayan diaspor fəalı Solmaz Rəhimovanın təşəbbüsü ilə yayımlanan proqramda XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Proqramın gedişində Xocalı soyqırımını əks etdirən foto və video materialları Solmaz Rəhimova şərh edib.
Otuz il keçməsinə baxmayaraq, bu faciənin azərbaycanlıların ürəyində sağalmaz yara kimi qaldığını vurğulayan soydaşımız bildirib ki, Ermənistan silahlı birləşmələrinin törətdiyi bu qətliam beynəlxalq konvensiyaların pozulmasının açıq-aşkar nümunəsi və bəşəri cinayətdir. Azərbaycan xalqının mübariz olduğu, aldığı zərbələrə baxmayaraq, hər zaman ayağa qalxmağı bacardığı, 2020-ci ilin payızında torpaqlarımızı Ermənistan işğalından azad etdiyi və ərazi bütövlüyümüzü təmin etdiyi yerli ictimaiyyətin nəzərinə çatdırılıb.
Proqram zamanı Azərbaycanın qədim tarixinə, zəngin mədəniyyətinə, ölkəmizin qısa müddət ərzində iqtisadi inkişafa nail olmasına da diqqət cəlb edilib.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.

Xocalı faciəsi 2022-03-03 12:47:00