×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan” çərçivəsində texnoloji müsabiqələrin qeydiyyat prosesi uğurla yekunlaşıb

Bakı, 2 mart, AZƏRTAC

Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu il mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində məktəblilər, tələbələr və gənc sahibkarların iştirakını nəzərdə tutan müsabiqələrin qeydiyyat prosesi başa çatıb.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, minə yaxın gənc müsabiqələrdə iştirak etmək üçün innovativ layihələrini təqdim edib.
“Sosial yönümlü”, “Yaşıl” və “Aqrar” texnologiyalar, “Robotexnika”, “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “Cansat”, “Peyk modelləşdirilməsi” və “Sailplaner” müsabiqələri üzrə çoxsaylı müraciətlər fərdi və qrup şəklində təqdim olunub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək müsabiqələrə olan yüksək maraqdan danışıb.
“Sevindiricidir ki, Azərbaycanda minə yaxın gənc öz innovativ layihə və məhsullarını təqdim etmək üçün beynəlxalq festivala qoşulur. 400-ə yaxın ideya və layihə təklifi isə məhz məktəblilərin payına düşür. İnanıram ki, Azərbaycan gəncləri yaxın gələcəkdə yerli innovativ məhsul və texnologiyaların yaradılmasında və ixracında öz potensiallarını tam göstərə biləcəklər”, - deyə müşavir vurğulayıb.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu, kiber idman üzrə Avropa çempionatının “Rocket League” mərhələsi və “Take Off Baku” Beynəlxalq Startap Sammitinə qeydiyyat davam edir. “Take Off Baku” Startap Sammitinə son müraciət tarixi martın 31-i, “Smart Qarabağ” Hakatonu və “Rocket League” yarışı üçün aprelin 1-dir.
“TEKNOFEST” Türkiyənin ən böyük aviakosmik və texnologiya festivalı olaraq Teknoloji Takımı Vakfının (T3 Vakfı) və Türkiyə Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Festivalın Türkiyənin hüdudlarından kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin bariz nümunəsidir.

İKT 2022-03-02 19:16:00