×
A
A
A
Sazlamalar

Almaniya portalları Xocalı soyqırımından yazıb

Berlin, 2 mart, AZƏRTAC

Almaniyanın “nex24.news” və “glamssup.com” portallarında almaniyalı türkoloq alim və Azərbaycan üzrə tədqiqatçı Mixael Raynhard Hesin müəllifliyi ilə “Xocalı soyqırımının 30-cu ildönümünə ithafla” sərlövhəli məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, müəllif məqaləsində anım və etiraf mədəniyyətinin fəlsəfi aspektlərinə toxunur. Xocalı qətliamının beynəlxalq ictimaiyyət tərəfindən qismən tanındığını bildirir. Qeyd edir ki, 17 ölkənin parlamenti və ABŞ-ın 24 ştatı insanlığa qarşı törədilmiş sözügedən cinayətə qiymət verib. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda törədilənlərin “müharibə və insanlıq əleyhinə cinayətlər kateqoriyasına daxil edilə biləcək xüsusilə ağır əməllər” olduğunu etiraf edib. Mixael Raynhard Hes bütün qeyd olunanlara baxmayaraq, bəzilərinin bu cinayəti inkar etdiyini vurğulayır. Diqqətə çatdırır ki, Xocalıda cinayətin necə baş verməsi və qətlə yetirilmiş 613 şəxsin adları ictimaiyyətə məlumdur. Bundan əlavə, cinayətin törədilməsi ilə bağlı kifayət qədər foto və video faktlar mövcuddur.
Müəllif 2020-ci ilin payızında Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini və bununla da BMT qətnamələrini yerinə yetirdiyini diqqətə çatdırır. Bildirir ki, lakin iki millət arasında düşmənçilik hələ də bitməyib, sülh quruculuğu prosesi tam həllini tapmayıb. Hes Qarabağın tarixindən nümunələr gətirərək, azərbaycanlılar və ermənilər arasında tarixin heç də bütün dövrlərində düşmənçilik olmadığını bildirir. İki millət arasında münasibətlərin 1905-1906-cı illərdə baş vermiş qırğınlaradək kifayət qədər normal olduğunu vurğulayır. Müəllif sözügedən millətlər arasında nifrətin aradan qaldırılmasının arzuedilən olduğunu vurğulayır, bu əsnada Fransa ilə Almaniya arasında 150 il müddətində mövcud olmuş düşmənçiliyin normal münasibətlərlə əvəz olunmasını misal çəkir.

 

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xocalı faciəsi 2022-03-02 14:26:00