×
A
A
A
Sazlamalar

Milanda azərbaycanlı rəssamın Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş sərgisi keçirilir

Milan, 1 mart, AZƏRTAC

İtaliyanın Milan şəhərində azərbaycanlı rəssam Elay Məmmədovun Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fərdi sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyələşdirdiyi “Xocalıdan portretlər” adlı sərgi Neapol-Bakı Assosiasiyasının dəstəyi ilə İtaliyanın dünyaşöhrətli konseptual rəssamı Piero Manzoninin qalereyasında təqdim olunur.
Sərgilənən portretlər Xocalı faciəsinin şahidi olmuş insanların xəyali portretləri kimi təsvir edilib. Sərginin belə bir incəsənət ocağında keçirilməsində məqsəd Milanın incəsənət mühitinə Xocalı soyqırımını tanıtmaq və portretlərin dramatikliyi ilə faciənin izlərini ziyarətçilərə nümayiş etdirmək olub.
Sərgi üçün rəsm əsərlərini seçən sənət tarixçisi Gabi Sgardi açılış mərasimində iştirak edib və üslub haqqında iştirakçılara ətraflı məlumat verib. Müasir mənzərə janrında dünya səviyyəli italiyalı rəssam Natale Adamiano, tanınmış portret ustası Omar Galliani, məşhur konseptual rəssam Antonio Paradiso da açılış mərasimində iştirak edənlər sırasında olublar. Qonaqlara Azərbaycan incəsənəti haqqında da ətraflı məlumatlar verilib.
“Xocalıdan portretlər” adlı sərgi martın 6-dək davam edəcək.

 

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Milan

Xocalı faciəsi 2022-03-01 19:21:00