×
A
A
A
Sazlamalar

İƏT Gənclər Forumu Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

İstanbul, 1 mart, AZƏRTAC

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) idarə heyətinin toplantısı keçirilib. Toplantının sonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.
AZƏRTAC xəbər verir ki, İƏT GF-nin idarə heyəti üzvlərinin Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmələrinin vurğulandığı bəyanatda bu qanlı faciə nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyi, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığı qeyd olunub. Həmçinin bildirilib ki, itkin düşən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil. Bu qırğın zamanı 487 nəfər ağır yaralanıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq bir, 25 uşaq hər iki valideynini itirib.
“İşğal edilən Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətləri hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktı kimi tanıyan İslam Zirvəsinin 2013-cü ildə Qahirədə keçirilən XII Sessiyasında qəbul edilən Qahirə Yekun Kommünikesinə (117-ci bənd), eyni zamanda, İƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 2020-ci ildə Niameydə keçirilən 47-ci Sessiyasında “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” qəbul edilən 51/47-POL saylı Qətnaməyə, habelə milli və beynəlxalq səviyyələrdə, eləcə də “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının fəaliyyətini yüksək qiymətləndirən İƏT XİN-in 47-ci Sessiyası tərəfindən qəbul edilən “İƏT-ə bağlı qurumlar (B)” haqqında 7/47-C saylı Qətnaməyə istinad edərək bir daha bildiririk ki, Xocalı soyqırımı Azərbaycan ərazilərinin Ermənistan Respublikası tərəfindən qanunsuz işğalının nəticəsidir və öz miqyasına, qəddarlığına və qeyri-insani rəftarına görə XX əsrdə bəşəriyyət tarixində törədilmiş ən dəhşətli soyqırımı cinayətlərindən biridir.
Erməni işğalına son qoyulmasının bütün regionda uzunmüddətli sabitliyin və sülhün bərqərar olması üçün həlledici əhəmiyyətə malik olduğuna inanaraq, bu soyqırımı aktını törədən erməni qatillərinin cəzalandırılması üçün müvafiq beynəlxalq hüququn həyata keçirilməsinin vacibliyini vurğulayırıq.
Bölgədə firavanlıq və əmin-amanlıq, xüsusən də gənclərin rifahının yaxşılaşdırılmasına ümid edir, bir daha Azərbaycan hökumətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk”, - deyə bəyanatda bildirib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2022-03-01 16:51:00