×
A
A
A
Sazlamalar

ABŞ portalında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məqalə yayımlanıb

Bakı, 1 mart, AZƏRTAC

ABŞ-ın “MAPLE Institute” tədqiqat mərkəzinin saytında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, yazıda 1992-ci ildə Xocalıda törədilən qətliamın “Azərbaycanın Nankin qırğını” kimi tanındığı bildirilib. Qeyd olunub ki, Xocalı Azərbaycan tarixinin ən qaranlıq və ağrılı səhifəsidir. Diqqətə çatdırılıb ki, yapon generalları İvane Matsui və Hisao Taninin Nankində olduğu kimi, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, həmçinin Seyran Ohanyan Xocalıda millətçilik naminə bəşəriyyətin bütün dəyərlərini məhv ediblər. Bu iki qətliamın fərqi odur ki, Nankin qırğınını törədən yapon generalları törədikləri müharibə cinayətlərinə görə edam olunub. Lakin o vaxt Xocalı qırğını zamanı erməni silahlı birləşmələrinə rəhbərlik edən Serj Sarkisyan sonradan Ermənistanın prezidenti seçilib.
Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıda azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər və etnik təmizləmə törədiblər. Xocalı soyqırımı zamanı 613 mülki vətəndaş, o cümlədən 106 qadın və 83 uşaq qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Onların bir çoxu sonradan azad edilsə də, hadisədən 30 il keçsə də, 150 nəfərin taleyi hələ də məlum deyil.
Məqalədə 30 il ərzində işğal altındakı ərazilərin azad olunması istiqamətində heç bir irəliləyişin olmadığı, nəhayət 2020-ci ildə Azərbaycanın bütün məsuliyyəti öz üzərinə götürərək torpaqlarını işğaldan azad etdiyi bildirilib. Qeyd olunub ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Qələbə keçmiş məcburi köçkünlərin ağrılarına məlhəm olub, onların doğma yurdlarına qayıtmaq ümidlərini artırıb.

Xocalı faciəsi 2022-03-01 16:04:00