Ankarada Xocalı soyqırımından bəhs edən sənədli filmin təqdimatı olub
Ankara, 28 fevral, AZƏRTAC
Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Ankarada fəaliyyət göstərən Qazi Universitetində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin və Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Qazi Universitetinin Türk Dünyası Araşdırma və Tətbiq Mərkəzinin müdiri, professor Alev Çakmakoğlu Kuru rəhbərlik etdiyi qurumun çoxşaxəli fəaliyyəti, eləcə də Xocalı soyqırımını əks etdirən “Uşaqlığım Xocalıda qaldı” sənədli filmi və “Xocalının uşaqları” sərgisi barədə məlumat verib.
Qazi Universitetinin rektoru, professor Musa Yıldız və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışlarında Xocalı soyqırımının səbəb və məqsədlərindən, bu faciənin dünya birliyinə tanıtdırılmasının önəmindən, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərindən bəhs ediblər.
Çıxışlardan sonra “Uşaqlığım Xocalıda qaldı” sənədli filminin təqdimatı keçirilib. Film Xocalı soyqırımı zamanı uşaq olan şəxslərin acı xatirələri əsasında ekranlaşdırılıb.
Mərasimdən sonra iştirakçılar “Xocalının uşaqları” sərgisi ilə tanış olublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
Ağdaban faciəsindən 32 il ötür
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı