×
A
A
A
Sazlamalar

Yeni Zelandiyada Xocalı soyqırımının qurbanları anılıb

Bakı, 28 fevral, AZƏRTAC

Yeni Zelandiyada yaşayan azərbaycanlılar Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Oklend şəhərində baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Biz xatırlayırıq!”, “Xocalı soyqırımı. 26 fevral 1992” sözlərinin yazıldığı qara köynəklər geyinən tədbir iştirakçıları qarşısında çıxış edən “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov bildirib ki, dövlətimiz və xalqımız Ermənistan silahlı birləşmələrinin məhz azərbaycanlı olduqlarına görə Xocalıda dinc sakinlərə qarşı törətdiyi amansız soyqırımının unutdurulmasına yol verməyəcək. İndiyədək dünya birliyi səviyyəsində Xocalı faciəsinə siyasi və hüquqi qiymətin verilməməsi, bəşəri cinayət törətmiş erməni cəlladlarının ədalət mühakiməsinə cəlb olunmaması qəbuledilməz hal kimi qiymətləndirilib.
Soydaşlarımız bildiriblər ki, dünya birliyindən Xocalıya ədalətlə yanaşılması istiqamətində qətiyyətli addımlar atılmasını gözləyirlər.

Qan yaddaşı 2022-02-28 19:37:00