×
A
A
A
Sazlamalar

İncəsənət məktəbində “Xocalı -30. Bitməyən kədər” adlı tədbir təşkil edilib

Bakı, 28 fevral, AZƏRTAC

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Xocalı -30. Bitməyən kədər” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı və aparıcısı nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərli 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən danışıb. O, Xocalı soyqırımının tariximizin unudulmaz səhifəsi olduğunu qeyd edərək, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı böyük Zəfərdən söz açan natiq bu şanlı Qələbə ilə erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Tədbirdə məktəbin müəllim və şagirdləri faciəyə həsr olunmuş nömrələrlə çıxış etdilər. Çoxlu sayda faciəyə həsr olunmuş videoslaydlar, videosüjetlər nümayiş olunub.
Tədbirdə Xoreoqrafiya və rəssamlıq şöbəsi tərəfindən Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi nümayiş edilib.

Mədəniyyət 2022-02-28 18:44:00