ABŞ-ın iri şəhərlərində “Xocalıya ədalət!” məlumatlandırma aksiyası təşkil edilib
Bakı, 28 fevral, AZƏRTAC
ABŞ-ın 10 ştatının iri şəhərlərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, komitənin dəstəyi, Yuta-Azərbaycan Dostluq Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə aksiyalar Vaşinqton, Nyu-York, Mayami, Boston, Filadelfiya, Atlanta, Çikaqo, San Fransisko, Hyuston, Denver şəhərlərində baş tutub.
Aksiyalar zamanı Xocalı soyqırımı həqiqətlərinin əks olunduğu LED ekranlı avtomobillərin mərkəzi küçələrdə hərəkəti təmin olunub. LED ekranda “Bizim xalqın qanlı yaddaşı”, “Xocalıya ədalət!”, “Xocalı soyqırımını unutma!”, “Xocalı müharibə cinayətidir, insanlığa qarşı cinayətdir, soyqırımıdır!”, “Qarabağ Azərbaycandır!” şüarları, faciənin ildönümünü göstərən 30 rəqəmi, Xocalı soyqırımı qurbanlarının sayı və bu soyqırımın dəhşətlərini əks etdirən təsvirlər yerləşdirilib.
“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində həyata keçirilən aksiyanın məqsədi amerikalıların diqqətini erməni cəlladlarının Azərbaycan xalqının başına gətirdiyi dəhşətli soyqırımına cəlb etmək olub.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.
Daşnak-bolşevik qüvvələri azərbaycanlı əhaliyə qarşı birgə plan hazırlamışdılar ŞƏRH
Ukrayna nəşrində Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
Mart hadisələri tarixdə mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır ŞƏRH
“Türkiye” qəzeti: Azərbaycanda ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsi anılıb