×
A
A
A
Sazlamalar

Beynəlxalq Türk Akademiyası və TÜRKSOY-un birgə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

Nur-Sultan, 28 fevral, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, akademiyanın vitse-prezidenti Füzuli Məcidli və əməkdaşların iştirakı ilə keçirilən görüşdə tərəflər hər iki qurumun gündəliyində duran mühüm layihələri müzakirə edib, birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar.
D.Kıdırəli TÜRKSOY-a rəhbərliyi dövründə D.Kaseinovun uğurla çalışdığını, türk dünyasında mədəni əlaqələrin dərinləşdirilməsi və inkişafı istiqamətində mühüm layihələr həyata keçirdiyini qeyd edib.
D.Kaseinov isə Beynəlxalq Türk Akademiyasının yeni binasının açılışı münasibətilə təbriklərini çatdırıb və qurumun türk dünyasının elmi inteqrasiyası sahəsində fəaliyyətini yüksək qiymətləndirib. O, həmçinin akademiyaya TÜRKSOY-un nəşr etdirdiyi kitabları təqdim edib.
Görüşdə digər sahələrdə, o cümlədən A.Baytursunovun və M.Auezovun yubileylərinin təşkili məqsədilə birgə layihələrin həyata keçirilməsi və birgə tədbirlərin təşkili qərara alınıb.
Bundan əlavə, D.Kıdırəli Nizami Gəncəvinin və Əlişir Nəvainin yubileyi illərində səmərəli fəaliyyətinə, habelə türk dünyasının ədəbi və mədəni əlaqələrinin möhkəmləndirilməsində mühüm xidmətlərinə görə D.Kaseinovu Əlişir Nəvai adına Beynəlxalq Türk Akademiyasının Qızıl medalı ilə təltif edib. Həmçinin qonağa akademiyanın qiymətli nəşrləri hədiyyə olunub.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Elm və təhsil 2022-02-28 17:25:00