×
A
A
A
Sazlamalar

Litvanın müxtəlif şəhərlərində Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər təşkil edilib

Vilnüs, 28 fevral, AZƏRTAC
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Litvanın müxtəlif şəhərlərində Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Litvadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Kaunas və Klaypeda şəhərlərində keçirilən anım tədbirlərində yerli ictimaiyyətin nümayəndələrinə Xocalı qətliamı haqqında məlumatlar verilib, şəhərlərdə insanların sıx toplaşdığı yerlərdə Litva və ingilis dillərində broşür və plakatlar paylanılıb.
Kaunas Texniki Universitetinin akt zalında tələbə və gənclərimizin təşəbbüsü ilə keçirilən təbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Xocalıya ədalət!” filmi və Xocalı soyqırımı qurbanlarına həsr olunmuş “Sevinc Stories” miniserialı nümayiş olunub. Tədbir iştirakçılarına faciə barədə ətraflı məlumat verilib.
Litvanın üçüncü ən böyük şəhəri Klaypedanın Mərkəzi mədəniyyət sarayında “Azeris” cəmiyyətinin təşəbbüsü ilə bir neçə tədbir təşkil olunub. Mədəniyyət sarayının kinoteatrında Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan litvalı rejissor və prodüserlərin də çəkilişində iştirak etdiyi “Sonsuz dəhliz” filmi nümayiş olunub.
Filmdən sonra təşkil olunan anım mərasimində Xocalı qətliamının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra filmin qəhrəmanlarından olan litvalı hərbi jurnalist Riçardas Lapaitis çıxış edərək 1992-ci ilin fevral ayında şahidi olduğu erməni vəhşiliklərindən danışıb, günahsız insanlara qarşı soyqırımı törətmiş ovaxtkı Ermənistan rəhbərliyinin hələ də cinayət məsuliyyətinə cəlb olunmamasından danışıb, beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıb.
Mədəniyyət sarayının digər zalında Xocalı soyqırımını əks etdirən fotosərgi təşkil olunub, gül ləçəklərindən və yanan şamlardan “Xocalı-30” kompozisiyası təsvir edilib, kitab və broşürlərdən ibarət guşə yaradılıb.
“Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov tədbirdə iştirak edən şəhər ictimaiyyətinin nümayəndələrinə, latış, alman, yəhudi, rus, Belarus, tatar və Ukrayna cəmiyyətlərinin rəhbərlərinə təşəkkür edərək, xalqımızın bu ağır günündə onunla həmrəylik nümayiş etdirdiklərinə görə minnətdarlığını bildirib.
Tədbirin aparıcısı Rəna Məmmədovanın təşkilatçılığı ilə Klaypedada fəaliyyət göstərən Azərbaycan bazar günü məktəbinin şagirdi İslam Məmmədli şer kompozisiyası səsləndirib.
Sonda xalqımızın adət və ənənələrinə uyğun olaraq anım mərasimində bütün tədbir iştirakçılarına halva, şirniyyat paylanılıb, çay süfrəsi təşkil edilib.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Xocalı faciəsi 2022-02-28 14:47:00