Londonda Xocalı soyqırımına həsr edilmiş tamaşa göstərilib VİDEO
London, 28 fevral, AZƏRTAC
Londonda Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tamaşa nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanın nümayişi “Xocalı - həyatda qalmaq haqqında oyun” layihəsi çərçivəsində Britaniya Azərbaycanlıları İcması (BAC) və London Azərbaycan Evinin dəstəyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə “St Paul’s” kilsəsində reallaşıb.
Tamaşanın açılışında çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Elin Süleymanov Azərbaycan xalqına qarşı törədilmiş bu faciəni XX əsrin ən qanlı hadisələrindən biri adlandırıb.
“Debunk” teatrı tərəfindən yaradılan layihə bir neçə il əvvəl britaniyalı rejissor, yazıçı və layihənin müəllifi və Debunk Teatrının prodüseri Sənan Əliyevin Azərbaycana səfəri çərçivəsində baş tutub. Səfər zamanı Xocalıdan olan məcburi köçkünlərlə görüşən yaradıcı heyət daha sonra yığılmış materiallar əsasında pyes hazırlayıblar. Pyesin əsas süjeti Xocalıdakı insanların müharibədən əvvəl, müharibə dövrü və müharibədən sonrakı həyatını əhatə edir.
Tamaşanın yaradıcı heyəti və aktyorları Britaniyadan olan teatr xadimləridir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu il Şuşada kulinariya günləri keçiriləcək
Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır
Qərbi Azərbaycanın maddi və mədəni irsi AKİ-nin fokusunda
Səmərqənd mərkəzi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib