×
A
A
A
Sazlamalar

Sankt-Peterburqda “Xocalı soyqırımına ədalətli baxış” mövzusunda tədbir keçirilib

Bakı, 28 fevral, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sankt-Peterburqda “Xocalı soyqırımına ədalətli baxış” mövzusunda anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional İctimai Təşkilatı ilə birgə keçirilən tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, soyqırımı ilə bağlı film nümayiş olunub.
Politoloq Tofiq Əlizadə və Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdiyi soyqırımının dəhşətlərindən söz açıblar. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Xocalı faciəsi etnik azərbaycanlılara qarşı soyqırımıdır.
Çıxışlarda, həmçinin bu soyqırımının əsl mahiyyətinin ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra açıldığı, Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi diqqətə çatdırılıb.

Xocalı faciəsi 2022-02-28 00:07:00