×
A
A
A
Sazlamalar

Norveçin paytaxtı Osloda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Oslo, 27 fevral, Rauf Əliyev, AZƏRTAC

Norveçin paytaxtı Osloda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Skandinaviya regionuna səfər çərçivəsində Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) tərəfindən keçirilən tədbirdə iştirak edib.
Əvvəlcə tədbir iştirakçılarına NAYO təşkilatının fəaliyyət istiqamətləri haqqında məlumat verilib. NAYO-nun nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbində yaradılan şəraitlə tanış olan F.Muradova doğma dildə təhsil üçün istifadə olunan kitablar, habelə Xocalı faciəsi ilə bağlı guşə də təqdim edilib.
Anım tədbiri Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
NAYO-nun sədri Ramin Əliyev tədbirdə çıxış edərək diaspor təşkilatının fəaliyyət istiqamətləri, onun ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması, o cümlədən Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində görülən işlərdən danışıb.
Xocalı faciəsinin bəşər tarixində ən qanlı hadisələrdən biri olduğunu diqqətə çatdıran Fuad Muradov diasporumuzun Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması işində mühüm rol oynadıqlarını vurğulayıb. Bildirib ki, məhz Azərbaycan diasporunun dəstəyi ilə bu günlərdə müxtəlif ölkələrdə Xocalı soyqırımı ilə bağlı 140-dan çox tədbir keçirilib və bu tədbirlərin və maarifləndirmənin nəticəsində Azərbaycanın haqq səsi daha aydın eşidilir.
Azərbaycanın İsveçdə, eyni zamanda Norveçdəki səfiri Zaur Əhmədov da çıxışında Xocalı faciəsinin dəhşətlərindən danışıb. Baş verən soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülən işlərdən söz açan səfir, diplomatik səpkidə görülən işlərdən, habelə Azərbaycan haqqında həqiqətlərin xarici dövlətlərin diqqətinə çatdırılması uğrunda aparılan işdən bəhs edib.
Tədbirdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin ötənilki fəaliyyətinin yekunlarına dair videoçarxlar nümayiş edilib, diaspor nümayəndələrimizi maraqlandıran suallar cavablandırılıb.
Görüşdə diaspor fəaliyyəti və yeni layihələrə dair geniş fikir mübadiləsi aparılmaqla yanaşı, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının adından Osloda Azərbaycan Evinin açılması üçün müvafiq dəstək edilməsi üçün Diasporla İş Üzrə Dövlət Komitəsinin sədrinə müraciət təqdim edilib.
Sonda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin şagirdləri ölkəmiz haqqında şeirlər oxuyublar.

 

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo

Xocalı faciəsi 2022-02-27 22:21:00

Video