×
A
A
A
Sazlamalar

Şimali Kiprdə Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil edilib

Ankara, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin Girnə Amerikan Universitetində konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin, Türk Ağsaqqalları Birliyinin və Diaspora Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Konfransı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu açaraq Xocalı soyqırımının səbəb və məqsədlərindən danışaraq vurğulayıb ki, bu faciə insanlığa qarşı planlı şəkildə törədilən ağır cinayətdir. Xalqımızın qan yaddaşı bu soyqırımın dəhşətlərini heç zaman unutmayacaq.
Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin sədri, tibb elmləri doktoru, akademik Sudeyif İmamverdiyev çıxışında erməni silahlı birləşmələri və terror qruplaşmalarının Azərbaycanda törətdikləri vəhşiliklərə diqqət yönəldərək qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə ilə bütün şəhidlərimizin intiqamı alınıb.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycandan gələn nümayəndə heyəti üzvlərini səmimiyyətlə salamlayaraq Xocalı soyqırımının türk dünyasının ümumi faciəsi olduğunu ifadə edib. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbəni ortaq milli sərvət kimi dəyərləndirən Prezident Ersin Tatar rəşadətli Ordumuzun tarixi qələbəsindən böyük fəxarət hissi keçirdiklərini vurğulayıb.
Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri, Milli Məclisin deputatları Anar İsgəndərov, Elşad Mirbəşiroğlu və Ramil Həsən, Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Hasan Taçoy, Girnə Amerikan Universitetinin baş katibi Sadık Akyarın Xocalı soyqırımı, ermənilərin müxtəlif dövrlərdə törətdiyi vandalizm aksiyalarından danışıblar.
Çıxışlarda vurğulanıb ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə hüquqi qiymət alması üçün birgə fəaliyyətimiz xüsusi əhəmiyyət daşıyır.
Çıxışlardakı faktlar, mühakimə və təkliflər konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Konfransın panelin moderatoru, Türk Ağsaqqalları Birliyinin İcra Aparatının rəhbəri Nicat Dağlar Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya Ədalət!” kampaniyasının xüsusi rola malik olduğu qeyd edilib.
Çıxışlarda erməni vəhşiliklərinə beynəlxalq məhkəmələrdə hüquqi qiymət verilməsi yönündə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs olunub.
Azərbaycanlı deputatlar iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıblar.
Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin sədri Sudeyif İmamverdiyev, Milli Məclisin deputatları Anar İsgəndərov, Elşad Mirbəşiroğlu və Ramil Həsən, TAİB-in İcra Aparatının təmsilçiləri - Nicat Dağlar və Elnur Eltürkdən ibarət Azərbaycan nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri davam edir.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2022-02-27 18:23:00