×
A
A
A
Sazlamalar

İğdırda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Ankara, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Türkiyədə fəaliyyət göstərən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyinin Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən anım mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, İğdır Mədəniyyət və Turizm salonunda keçirilən mərasimdə İğdır Cümhuriyyət baş prokuroru Serkan Başaran, Jandarma alay komandanı Nejdet Karaca, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, İğdır polis rəisi Oğuzhan Yonca, Ədalət və İnkişaf Partiyasının İğdır vilayət təşkilatının sədri Ali Kemal Ayaz, Aralıq rayon bələdiyyəsinin sədri Mustafa Güzelkaya başda olmaqla geniş protokol heyəti və bölgə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.
Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və Türkiyədə fəaliyyət göstərən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar çıxışlarında erməni vandalizminin tarixindən, təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanan keçmiş Qarabağ münaqişəsinin acı nəticələrindən, 2020-ci ildə baş verən 44 günlük Vətən savaşının qazandırdığı böyük Zəfərdən, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıblar.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı erməni vandalizminin xalqlarımıza qarşı törətdiyi ən ağır cinayətlər sırasındadır.
Anım mərasiminin bədii proqramında Xocalı soyqırımı ilə bağlı şeirlər oxunub.
İzdiham “Xocalını unutmadıq, unutmarıq, unutdurmarıq”, - şüarlarını səsləndirib.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2022-02-27 17:16:00