×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Londonda yürüş keçirilib

London, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Londonda yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya “Natavan Group UK” diaspor təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Bir neçə saat davam edən yürüşdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxlu sayda insan iştirak edib.
Yürüş iştirakçıları Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, faciənin günahkarlarının cəzalandırılması, habelə bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Qarabağ Azərbaycandır” şüarları səsləndiriblər.
“Qrin Park” (Green Park) metrostansiyasında hərəkətə başlayan yürüş Azərbaycanın Londondakı səfirliyində davam edib. Yürüş iştirakçıları səfir Elin Süleymanovla görüşüblər. Səfir Xocalı soyqırımının 30-cu ildönümündə bir araya gələn aksiya iştirakçılarına təşəkkür edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xocalı faciəsi 2022-02-27 16:47:00