×
A
A
A
Sazlamalar

Daşkənddəki diasporumuzun üzvləri Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirib

Daşkənd, 27 fevral, АZƏRTAC

Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra şəhidlərin ruhuna dualar oxunub.
RAMMM-in sədri Firdovsi Hüseynov Xocalı faciəsinin səbəbləri və nəticələri barədə məlumat verib. Bildirib ki, 30 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni hərbi birləşmələrinin və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının birlikdə hücumu ilə yer üzündən silinib, qadınlara, qocalara, uşaqlara, hətta körpələrə aman verilməyib.
Sonra Özbəkistanda yaşayan azərbaycanlılar və RAMMM adından Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat oxunub.
Bildirilib ki, bəyanat BMT-nin Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, İslam Əməkdaşlıq Təşkilatına və digər beynəlxalq təşkilatlara ünvanlanıb.
Soydaşlarımızdan Mobil Məmmədov, Xocalı faciəsinin şahidi Yusif Əliyev, İsmayıl Məmmədov və başqaları Xocalı faciəsini törədənlərin bu qanlı əməllərini pisləyib, ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşiliklərdən danışıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Diaspor 2022-02-27 15:52:00