×
A
A
A
Sazlamalar

Gürcüstan portalında “Müharibədən sülhə doğru, Xocalı faciəsindən 30 il ötür” sərlövhəli məqalə dərc edilib

Tbilisi, 27 fevral, AZƏRTAC

Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisində yayımlanan və geniş oxucu auditoriyasına malik “Adjara.PS” portalında “Müharibədən sülhə doğru, Xocalı faciəsindən 30 il ötür” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə dərc olunan məqalədə 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycan xalqına qarşı misli görünməmiş cinayət - Xocalı soyqırımını həyata keçirdiyi qeyd olunur.
Bildirilir ki, Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri və Birinci Qarabağ müharibəsinin ən faciəli səhifəsi Xocalı şəhərinin dağıdılması, onun sakinlərinin soyqırımına məruz qalması olub. Münaqişədən əvvəl Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda 7000-dən çox insan yaşayırdı.
Eyni zamanda, şəhərin 5379 nəfər sakininin zorakılıqla qovulduğu, 613 nəfərin, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın vəhşicəsinə öldürüldüyü, 1275 insanın əsir və girov götürülərək işgəncələrə məruz qaldığı, 487 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmadığı, 8 ailənin tamamilə məhv edildiyi, 130 uşağın valideynlərdən birini, 25 uşağın isə valideynlərinin hər ikisini itirdiyi barədə məlumatlar da məqalədə əksini tapıb.
Materialda Baş Konsulluğun təşkilatçılığı ilə fevralın 26-da keçirilən anım gecəsinin də Xocalı soyqırımının bu hadisələrin 30-cu ildönümünə həsr olunduğu bildirilir.
Vurğulanır ki, Xocalı ötən əsrin ən böyük faciəsidir, soyqırımı aktı, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi kimi qiymətləndirilir.
Sonda o da vurğulanır ki, Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı amansız vəhşiliklər törədənlər hələ də cəzalarını almayıblar. Onlar mütləq layiq olduqları cəzanı almalıdırlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Qan yaddaşı 2022-02-27 15:46:00