×
A
A
A
Sazlamalar

Sankt-Peterburqda Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş anım tədbiri keçirilib

Sankt-Peterburq, 27 fevral, AZƏRTAC
Sankt-Peterburqda Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu və Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin təşəbbüsü isə təşkil olunan tədbirdə diplomatik korpusun nümayəndələri və diaspor üzvləri iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov çıxış edərək 30 il əvvəl Azərbaycanın Xocalı şəhərində erməni quldurları tərəfindən törədilmiş qanlı hadisələr barədə ətraflı məlumat verib. O, Azərbaycan xalqına qarşı törədilmiş bu faciəni XX əsrin ən qanlı hadisələrindən biri adlandırıb. Baş konsul erməni quldur dəstələrinin Xocalı şəhərinə basqını nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın öldürüldüyünü, müxtəlif yaşlı 1000 nəfər dinc sakinin aldığı güllə yarasından əlil olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini qeyd edib. S.Qasımov Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu diqqətə çatdıraraq, bu hadisələrin erməni millətçi-şovinistlərinin davamlı olaraq xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin göstəricisi olduğunu vurğulayıb.
Baş konsul qeyd edib ki, son bir neçə il ərzində Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada keçirilən “Xocalıya ədalət!” kampaniyası nəticəsində Xocalı hadisələri soyqırımı aktı kimi tanınıb.
Tədbirdə Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin Xocalı şəhərində dinc əhaliyə, o cümlədən qadın, uşaq və ahıl insanlara qarşı törətdikləri qırğından bəhs edib.
Xocalı hadisələrin şahidi, ərini, atasını, qardaşını və digər ailə üzvlərini itirmiş Vərziyar Əliyeva canlı bağlantı vasitəsilə tədbirə qoşularaq xatirələrini bölüşüb.
Pedaqogika elmləri namizədi, professor Natalya Radevskaya “Erməni terror təşkilatlarının fəaliyyəti və Xocalı faciəsi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin keçirildiyi məkanın foyesində Xocalı hadisələrini əks etdirən 30-a yaxın fotoşəkildən ibarət sərgi, həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına həsr olunmuş nəşrlər təqdim olunub. Xocalıya aid stenddə isə qonaqlar üçün xüsusi QR kod yaradılıb ki, bu kodun köməyi ilə faciəyə aid bütün sənədlərlə yaxından tanış olub, “Xocalıya ədalət!” petisiyasını imzalamaq mümkündür.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq

Qan yaddaşı 2022-02-27 15:29:00