×
A
A
A
Sazlamalar

Tərtərdə “Zülmətdən işiğa” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub

Tərtər, 27 fevral, AZƏRTAC

Tərtərdə “Xocalı faciəsi”nin 30-cu ildönümünə həsr olunmuş “Zülmətdən işiğa” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanları və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev 30 il əvvəl Xocalıda törədilən soyqırımından danışıblar. Bildirilib ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini - qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən danışan natiqlər şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qətiyyəti və şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu qeyd ediblər.
Sonda Xocalı soyqırımı ilə əlaqədar olaraq Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı “Zülmətdən işiğa” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Regionlar 2022-02-27 15:16:00