Argentinada Xocalı soyqırımının ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Buenos-Ayres şəhərində keçirilmiş anım mərasimində çıxış edən səfir Rəşad Aslanov Birinci Qarabağ müharibəsi dövründə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımının bəşəriyyət əleyhinə törədilmiş ən amansız və vəhşicəsinə həyata keçirilmiş soyqırımlardan biri olduğunu deyib. Xocalı şəhərinin regionda yeganə mülki hava limanına malik olmaqla mühüm kommunikasiya mərkəzi kimi strateji önəm daşıdığını deyən R.Aslanov Ermənistanın Xocalını işğal etməklə Dağlıq Qarabağ regionunun digər ərazilərini də işğal etmək üçün strateji üstünlük əldə etmək, eləcə də azərbaycanlıların psixoloji cəhətdən əzmini qırmaq məqsədini güddüyünü vurğulayıb.
Erməni vəhşiliyinin Azərbaycanın mübarizə və inkişaf əzmini qıra bilmədiyini deyən R.Aslanov 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, dövlətimizin torpaqlarımızı Ermənistanın işğalından azad edərək, öz ərazi bütövlüyü və suverenliyini, bununla da beynəlxalq hüquq və tarixi ədaləti bərpa etdiyini qeyd edib. Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından sonra regionda yaranmış yeni reallıqlar, Azərbaycanın postmünaqişə gündəliyi, əsas çətinliklər, Ermənistanın təcavüzünə məruz qalmış ərazilərimizin minalardan təmizlənməsi və məcburi köçkünlərin tezliklə öz yurdlarına qayıtması üçün hökumət tərəfindən görülməkdə olan işlər barədə məlumat verən diplomat, həmçinin dövlətimizin sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan etdiyini diqqətə çatdırıb.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər zaman anılmasının insanlığın bu günü və gələcəyi üçün, eləcə də bu kimi faciələrin gələcəkdə baş verməsinin qarşısının alınması üçün önəmli olduğunu qeyd edən R.Aslanov Azərbaycanın Xocalı soyqırımını törədənlərin mühakimə olunaraq cəzalandırılmasını istədiyini vurğulayıb.
Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Badam ağacı çiçəkləyəndə” sənədli filmi ispan dilində alt yazı ilə iştirakçılara təqdim edilib.
Bununla yanaşı, Buenos-Ayres şəhərində yerləşən San Benito kilsəsi və Argentinanın müsəlman icmasına məxsus Əl-Əhməd məscidində Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.
Həmçinin səfirliyin akkreditə olduğu Çili Respublikasının Santyaqo və Paraqvay Respublikasının Asunsion şəhərlərində də anım tədbirləri təşkil edilib.
Ağdaban faciəsindən 31 il ötür
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ermənilərin soyqırımı siyasətini dayandırdı
31 Mart soyqırımı - erməni faşizminin antibəşəri siması
Mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən qanlı terror aktlarından biridir