×
A
A
A
Sazlamalar

Politoloq: Ermənilərin törətdikləri qətliam hərəkətlərində insanlıq əleyhinə müharibə cinayətlərinin olduğu təsdiqlənib

Bakı, 27 fevral, AZƏRTAC
Bəşər tarixində kütləvi qətliamların və dəhşətli insan qırğınlarının olmasına baxmayaraq, belə əməllərin soyqırımı kimi tanınması və hüquqi status alması İkinci Dünya müharibəsindən sonra yaranmışdı. Beynəlxalq hüquqi terminə çevrilmiş "genosid" yunan dilində "genos" (nəsil, kök, soy), latın dilində "caedo" (səslənməsi “sid” - "öldürürəm") mənasını verən sözlərinin birləşməsidir. Bu söz ilk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən yəhudilərin faşistlər tərəfindən milli mənsubiyyətinə görə kütləvi şəkildə, dövlət səviyyəsində, planlı surətdə məhv edilməsi siyasətini ifadə edən bir termin kimi işlədilmişdi. Bundan sonra isə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilməsinə yönələn cinayət əməlləri "soyqırımı" adlandırılmağa başlandı. BMT-nin Baş Məclisi 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsi ilə soyqırımının beynəlxalq hüquq normalarını pozduğunu, xeyirxah bəşəriyyətin ruhuna və məqsədlərinə zidd olduğunu, sivil dünyanın onu pis bir əməl kimi səciyyələndirdiyini nəzərə alaraq soyqırımı əməllərinin cinayət kimi qiymətləndirilməsini zəruri hesab etmişdi. Buna görə də 1948-ci ilin 9 dekabrında "Soyqırımı” cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" BMT Konvensiyası qəbul edilərək, 1951-ci il yanvarın 12-dən qüvvəyə minib. Konvensiyanın 2-ci maddəsinin tələbinə görə milli, etnik, irqi, yaxud dini qrupun üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsarətlərinin yetirilməsi, hər hansı qrup üçün qəsdən onu tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması, bu qrupdan olan doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi, uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi kimi hərəkətlər "soyqırımı" hesab edilir. Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə soyqırımı, belə əməlləri törətməyə yönəlmiş gizli sövdələşmə, soyqırımı cinayətlərini törətməyə birbaşa və açıq təhrik, soyqırımı törətməyə yönəlmiş qəsd və soyqırımında iştirak etmək kimi əməllərin hər hansı birini törətmiş şəxslər, soyqırımı cinayətini törətmiş hesab olunur və cəzalandırılırlar. Bu zamana kimi "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 1948-ci il 9 dekabr tarixli Konvensiyaya 150-yə yaxın ölkə qoşulub. Azərbaycan 1996-cı il mayın 31-də, Ermənistan isə 1993-cü ildən həmin Konvensiyanı ratifikasiya edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
Politoloq bildirib ki, cinayətlərin “soyqırımı” kimi tanınması yeni olsa da, ölkəmiz erməni vəhşiliyi nəticəsində belə əməllərə dəfələrlə məruz qalmışdır. Elə buna görə də Prezidentin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Həmin Fərmanda 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü, 1988-1994-cü illərdə azərbaycanlılara qarşı ermənilər və onların dəstəkçiləri tərəfindən sistemli şəkildə soyqırımı cinayətlərinin törədildiyi xüsusilə vurğulanıb.
XIX əsrin əvvəllərindən Cənubi Qafqaza köçürülən ermənilər azərbaycanlılara qarşı dəfələrlə etnik, milli və dini zəmində cinayətlər törədiblər. Azərbaycan torpaqlarının işğalı məqsədi ilə 1988-ci ilin fevral ayından başlayan münaqişə nəticəsində tarixi torpaqlarında yaşayan soydaşlarımız, keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan vətəndaşlarımız milli, etnik və dini mənsubiyyətinə görə qovulmağa, öldürülməyə və ən qəddar cinayətlərə məruz qalıblar. Sistemli şəkildə hazırlanmış və həyata keçirilmiş, məqsədi azərbaycanlı əhalini tamamilə məhv etmək olan qətliamlar Tuğda, Axulluda, Meşəlidə, Cəmillidə, Quşçularda, Bağanis Ayrımda, Qaradağlıda, Ağdabanda və Ballıqayada yüzlərlə dinc vətəndaşımıza qarşı həyata keçirilib. Belə cinayətlərdən xüsusilə ağır ictimai təhlükəliliyi və vəhşiliyi ilə seçilən Xocalıda, 26 fevral 1992-ci ildə yaşanıb. Ermənistanın sabiq prezidenti Robert Köçəryan və digərləri Xocalı faciəsində fəal iştirak ediblər. Azərbaycan Respublikasının Baş Prokurorluğu faciəni “soyqırımı” cinayəti kimi qiymətləndirib. Cinayətin təşkilatçıları, icraçıları tam müəyyən edilsə də, təəssüf ki, bu vaxtadək onları cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayıb.
“Tarixin ən qəddar müharibələrindən olan İkinci Dünya müharibəsindən sonra bəşəriyyət əleyhinə törədilmiş ağır cinayətlərə görə BMT Təhlükəsizlik Şurası tərəfindən müxtəlif tribunallar təsis edilib. Nəzəri və hüquqi baxımdan Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı ilə bağlı beynəlxalq tribunal yaradılması mümkündür və məsələnin hüquqi müstəvidə həlli ən zəruri amillərdən biridir. Qeyd etdiyim kimi, belə qətnamənin qəbulu üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin tam səsi lazımdır. Dünyanın insan hüquqları kimi bəşəri dəyərə ikili standartlar tətbiq etməsi BMT Təhlükəsizlik Şurasının Xocalı faciəsində iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tribunalın yaradılması haqqında qərar verməsinə mane olur. Çünki beynəlxalq hüquq müasir zamanımızda siyasi iradədən və siyasi gücdən daha çox asılı vəziyyətə düşüb. Əlbəttə ki, belə yanaşma dünyada insan hüquqlarının qorunması, ədalətin bərpa olunması prosesinə maneələr yaradır və praktiki baxımdan bu prosesi qeyri-mümkün edir. Azərbaycan Respublikasına qarşı aparılmış təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Bununla bağlı kifayət qədər sübut, əhəmiyyətli faktlar, materiallar, BMT-nin 4 qətnaməsi, Avropa İnsan Haqları məhkəməsinin 2010-cu il 22 aprel tarixli “Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı xüsusilə ağır cinayətlər kimi qiymətləndirməsinə dair qərarı, 2015-ci il tarixli “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə Ermənistanı təqsirkar kimi tanımasına dair sənədlər vardır. Xocalı qətliamı İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində “soyqırımı aktı” kimi təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər”, - deyə Y.Hacızadə vurğulayıb.

Qan yaddaşı 2022-02-27 14:10:00