×
A
A
A
Sazlamalar

Misir portalı Xocalı soyqırımı barədə məqalə yayıb

Qahirə, 27 fevral, AZƏRTAC

Misirin “Əl Diplomasi” portalında Milli Məclisin deputatı Ceyhun Məmmədovun Xocalı soyqırımının 30 illiyi ilə bağlı məqaləsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olduğu, iki əsrə yaxın bir müddətdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığı, bunun nəticəsində milyonlarla insanın öz doğma yurdundan didərgin düşdüyü qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, sovet dövründə rəvac verilən bu siyasətin nəticəsində 150 mindən artıq azərbaycanlı qədim Azərbaycan torpağında yaradılmış hazırkı Ermənistan ərazisindən köçürülüb və Kür-Araz vadisində yerləşdirilib. Münaqişənin başlandığı 1998-ci ildən sonra isə erməni siyasi dairələri 250 min azərbaycanlını öz torpaqlarından çıxarıb və beləliklə, Ermənistan monoetnik dövlətə çevrilib. Həmin vaxtdan Qarabağa qarşı təcavüzə başlayan işğalçı ölkə etnik təmizləmə siyasəti çərçivəsində on minlərlə dinc sakini qətlə yetirib, yüz minlərlə insan öz vətənində məcburi köçkünə çevrilib. Bu cinayətlərin ən dəhşətlisi isə Azərbaycanın Xocalı şəhərində baş verib. Ermənilərin burada törətdikləri qırğın bəşəriyyətə qarşı ağır cinayətdir.
Məqalədə Xocalı soyqırımı haqqında rəqəmlər və sənədlər əsasında ətraflı məlumat verilib. C.Məmmədov vurğulayıb ki, bu qırğın xüsusi qəddarlığı və görünməmiş vəhşiliyi ilə bütün dünyanı dəhşətə salıb. “Azərbaycan xalqı Xocalı qırğınını və bu faciənin qurbanlarını heç vaxt unutmayacaq”, - deyə Milli Məclisin deputatı sonda yazıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Qan yaddaşı 2022-02-27 13:52:00