×
A
A
A
Sazlamalar

Perunun nüfuzlu qəzeti Xocalı soyqırımının 30-cu ildönümündən yazıb

Bakı, 27 fevral, AZƏRTAC

Perunun nüfuzlu “La Republica” gündəlik qəzetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Azərbaycan xalqına qarşı ən böyük qətliam olan Xocalı soyqırımından 30 il ötür” başlıqlı məqalə dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verilir, bu amansız qətliam zamanı azyaşlı uşaqlar və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və itkin düşdüyü bildirilir.
Xocalı soyqırımının Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi prosesindəki ən qanlı qətliam olaraq tarixə düşdüyünü bildirən müəllif, Ermənistanın keçmiş prezidenti, soyqırımının başlıca təşkilatçılarından olan S.Sarkisyanın erməni tərəfinin cinayətlərinə dair etiraflarından nümunələr göstərir.
Yazıda, həmçinin qətliamın canlı şahidi olmuş, əsir düşmüş və sağ qalmış soydaşlarımızın ağrılı xatirələrindən sitatlar gətirilir, əsirlikdən qurtulmuş bəzi soydaşlarımızın ermənilər tərəfindən məruz qaldıqları fiziki və psixoloji travmalar səbəbindən intihar etdiyi qeyd olunur.
Xocalıda törədilmiş qətliamın Peru, Kolumbiya, Meksika, Honduras kimi Latın Amerikası ölkələri də daxil olmaqla toplam 17 ölkənin parlamenti, habelə ABŞ-ın 24 ştatı tərəfindən insanlıq əleyhinə cinayət kimi pisləndiyi diqqətə çatdırılır.
Müəllif hazırda Azərbaycanın Xocalı soyqırımı haqda dünya ictimaiyyətində məlumatlılığın artırılması və günahkarların məsuliyyətə cəlb olunması istiqamətində çalışdığını söyləyir, bu xüsusda “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası haqda məlumat verir.
Qeyd olunanların fonunda regionda barışığın mürəkkəbliyinə baxmayaraq, ərazisində 40-a yaxın müxtəlif etnik mənsubiyyətə malik insanların və fərqli dini etiqadların sülh içində birgə yaşadığı və bütün dünyada qədim çoxmədəniyyətlilik ənənələri ilə tanınan Azərbaycanın dialoq və əməkdaşlıq xəttinə və regionda tərəqqinin yeganə yolunun davamlı sülh olması prinsipinə sadiq qaldığı bildirilir.

Qan yaddaşı 2022-02-27 13:25:00