×
A
A
A
Sazlamalar

Rumıniya xəbər portalı Xocalı soyqırımı barədə məqalə yayıb

Buxarest, 27 fevral, AZƏRTAC

Rumıniyanın nüfuzlu “News24hours” xəbər portalı AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin rumın dilində “Xocalı soyqırımı” sərlövhəli məqaləsini yayıb.
Məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu bildirilib, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələrindən bəhs edilib, soyqırımının insanlığa sığmayan hərəkət olduğu vurğulanıb. Eyni zamanda, Xocalıya ermənilərin göstərdiyi marağın şəhərin mühüm strateji mövqeyə malik olmasından irəli gəldiyi oxucuların diqqətinə çatdırılıb. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədiblər. Məlumat verilib ki, erməni silahlı qüvvələrinin sovet ordusunun 366-cı motoatıcı alayının silahlı texnikasının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 106-sı qadın, 83-ü uşaq olmaqla, 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
Müəllif Xocalı soyqırımının əsl mahiyyətinin açıqlanmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin rolunu xüsusi qeyd edib, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini bildirib.
Məqalədə vurğulanıb ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Qan yaddaşı 2022-02-27 12:57:00