×
A
A
A
Sazlamalar

Bolqarıstan mətbuatında Xocalı soyqırımı ilə əlaqədar çoxsaylı məqalə və müsahibələr dərc edilib

Bakı, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümü Bolqarıstanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Ölkəmizin Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Bolqarıstan Milli Radiosu, Milli Teleqraf Agentliyi, həmçinin ölkənin aparıcı “Cross” və “Fokus” xəbər agentlikləri, “Fakti”, “Bulbox”, “Novini247”, “AlfaRss”, “Standart” və digər geniş oxucu auditoriyasına malik informasiya portallarında dərc olunmuş məqalələrdə 30 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə xaincəsinə hücum etdiyi və dinc sakinlərin qəddarcasına qətlə yetirildiyi barədə geniş məlumat verilib.
Məlumatlarda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində soyuq fevral gecəsində yerlə-yeksan edilmiş Xocalı şəhərindən xilas olmağa çalışan günahsız insanlar Ağdam şəhərinə üz tutmuş, lakin onların çoxu sağ qalmamış, bir çox qadın və uşaq yolda donaraq həlak olmuşdur.
Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq və 70 ahıl insan olmaqla, 613 günahsız və silahsız azərbaycanlının öldürüldüyü oxucuların diqqətinə çatdırılıb və gələcəkdə bu kimi qətliamların baş verməməsi üçün beynəlxalq hüquq çərçivəsində tutarlı tədbirlərin həyata keçirilməsi və günahkar şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi vurğulanıb.

Qan yaddaşı 2022-02-27 12:36:00