Tərtərdə Xocalı faciəsinin qurbanları ehtiramla yad edilib
Tərtər, 27 fevral, AZƏRTAC
Xocalı faciəsi qurbanlarının xatirəsi Tərtər rayonunda da ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət ediblər. Faciə qurbanlarının və eləcə də müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub, abidə önünə gül dəstələri düzülüb.
Sonra uşaqların faciəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən hər bir eksponatda, şəkildə xocalılıların fəryadı, harayı əks olunub. Uşaqların rəsmlərində faciə ilə bərabər qələbə ruhu da əksini tapıb.
Tədbirdə qeyd olunub ki, bu gün Xocalı qurbanlarının yarımçıq qalmış arzuları gerçəkləşib, torpaqlarımız işğaldan azad edilib. Böyük Qələbəmizdən sonra şəhidlərimizin ruhu rahatlıq tapıb. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu onların intiqamını alıb.
Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda müvəqqəti məskunlaşmış 18 Xocalı ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Görüş zamanı bildirilib ki, XX əsrin sonunda bəşəriyyətin gözü qarşısında törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verilməsi, cinayətkarların öz əməllərinə görə cəzalandırılması Azərbaycan dövlətinin və hökumətinin daim diqqət mərkəzində olan məsələdir. Əsrlər ötsə də, xalqımız bu faciəni unutmayacaq.
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək Xocalı faciəsindən danışıb, şəhidlərimizə ulu tanrıdan rəhmət diləyiblər.
Tədbirdə Xocalıdan olan ailələrə ərzaq yardımı verilib. Xocalılılar Vətən müharibəsində qazanılan Qələbəyə və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Zaqatalada nəvə babasına bıçaqla xəsarət yetirib
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Şabranda vətəndaşlarla görüşəcək
MDU-da mediasiya ilə bağlı maarifləndirici tədbir keçirilib
Füzulidə ağacəkmə aksiyasında 100 ədəd Eldar şamı və sərv ağacı əkilib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İmişlidə vətəndaşların ərizə və şikayətlərinə baxıb