×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Batumi şəhərində də ehtiramla anılıb

Tbilisi, 26 fevral, AZƏRTAC

Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş Konsulluğu tərəfindən Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkiyə və İranın baş konsulları, SOCAR-ın Acarıstan nümayəndəliyinin rəhbəri, Kulevi QDT-ın nümayəndələri, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, M.F.Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin və “Əli və Nino” adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin üzvləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Batumidə yaşayan soydaşlarımız və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş fotosərgi, Baş konsulluğun nəzdində fəaliyyət göstərən “Bazar günü” məktəbinin şagirdlərinin Xocalı faciəsi və 44 günlük Vətən müharibəsində artilleriya atəşi nəticəsində Gəncə və Tərtər şəhərlərinin həlak olmuş dinc sakinlərinin rəsmlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Pərviz İsmayılzadə çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, Xocalı faciəsinin Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.
Xocalı sakinlərindən bəziləri diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir ediblər.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalistləri və yazarları dəhşətə gətirmişdir.
Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir.
“Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bəşəriyyətə qarşı yönəlmiş soyqırımı aktıdır” –deyə, P.İsmayılzadə vurğulayıb.
Diplomat 44 günlük Vətən müharibəsindən danışıb, şanlı ordumuzun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad etdiyini, bununla da şəhidlərimizin qanının yerdə qalmadığını xüsusi qeyd edib.
Tədbirdə çıxış edən Türkiyənin baş konsulu bildirib ki, dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımı hələ də yaddaşlardadır. Qardaş Azərbaycanın ağrısını qəlbimizin dərinliklərində hiss edir və acılarını paylaşırıq. Xocalı soyqırımı zamanı həlak olan azərbaycanlı qardaşlara Allahdan rəhmət diləyir, Azərbaycan xalqının dərdinə şərik olub, həlak olanların xatirəsini ehtiramla yad edirik.
Hüquq üzrə ekspert, professor Rostom Quntaişvili öz çıxışında baş vermiş faciəyə hüquqi qiymət verib və Azərbaycan xalqına qarşı törədilən bu cinayəti soyqırımı kimi xarakterizə edib.
Bildirib ki, bu soyqırımı təkcə Azərbaycan xalqının deyil, bizim, qardaş ölkələrin ürəyində sağalmaz, dərin iz qoyub.
Çıxışlardan sonra iştirakçılar “Dərdimi çəkirəm” sənədli filmini izləyib.
Baş konsulluq tərəfindən təşkil olunan tədbirdə iştirakçılara broşürlar, buklet və Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Qan yaddaşı 2022-02-26 23:33:00