×
A
A
A
Sazlamalar

Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram

Haaqa, 27 fevral, AZƏRTAC
Erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il olduğu kimi, bu il də dünyanın hər yerində anılır.
Ədalət şəhəri Haaqada da Azərbaycan Türk Mədəniyyət dərnəyinin təşəbbüsü ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Haaqa şəhərində Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə çiçək və əklillər qoyulub. Sonra Haaqa şəhəri məscidinin imamı Şeyx Məhmət Olqun şəhidlərin ruhuna Quran oxuyub.
Niderland Azərbaycan-Türk Mədəniyyət dərnəyinın sədri İlhan Aşqın Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirə qatılanlara təşəkkür edib.
Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, eləcə də Azərbaycandan gələn qonaqlar Xocalı soyqırımı haqqında danışaraq, gələcəkdə belə qətilamların təkrarlanmaması üçün bütün dünya xalqlarının birgə mübarizə aparmasının vacibliyini qeyd ediblər. Bir gecədə 613 mülki şəxsin amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımının müəlliflərinin hələ də cəzasız qalmasına etirazlarını bildiriblər.
Tədbirin sonunda Xocalı qurbanlarının ruhuna ehsan verilib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa

Qan yaddaşı 2022-02-27 06:44:00