×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Marneulidə xeyriyyə aksiyası

Tbilisi, 27 fevral, AZƏRTAC

Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonunda xeyriyyə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü, SOCAR-ın Gürcüstan nümayəndəliyi və Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə reallaşıb.
Tədbir çərçivəsində “Çay Evi”ndə Xocalı soyqırımına həsr olunmuş anım mərasimində böyrək çatışmazlığından əziyyət çəkən 200-ə yaxın şəxsə dərman preparatları təqdim olunub.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) isə sağlamlıq imkanları məhdud olan 55 uşağın ailəsinə ərzaq sovqatları paylanılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, ziyalılar, gənclər və məktəblilərin iştirak etdiyi hər iki aksiyada Xocalı qurbanlarının xatirəsi ehtiramla anılıb.
Çıxış edənlər faciənin hər il yad edilməsinin qətliamla bağlı həqiqətlərin gənc nəsillərə ötürülməsi baxımından önəmini vurğulayıblar.
Xocalı soyqırımının qurbanları üçün ədalətin bərqərar olmasının vacibliyindən danışıblar.
Soydaşlarımız xeyriyyə aksiyasının təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Qan yaddaşı 2022-02-27 06:11:00