×
A
A
A
Sazlamalar

“Bütün Pakistan Qəzetləri Cəmiyyəti” Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan infoqrafikalar yayıb

İslamabad, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 30-cu ildönümünün anılması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Bütün Pakistan Qəzetləri Cəmiyyəti” (All Pakistan Newspapers Society - APNS) tərəfindən ingilis və urdu dillərində hazırlanan infoqrafikaları Pakistanın bir çox kütləvi informasiya vasitələri dərc edib.
AZƏRTAC xəbər verir ki, infoqrafikaların başlığında Xocalı soyqırımından 30 il keçdiyi qeyd olunur, 26 fevral 1992-ci ildə erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə daxil olduqları, şəhəri yerlə-yeksan etdikləri və əzəli Azərbaycan torpağının işğala məruz qaldığı bildirilib. İnfoqrafikalarda Xocalı soyqırımı zamanı öldürülən, yaralanan, əsir götürülən insanların, o cümlədən qadın və uşaqların sayı ilə bağlı statistik məlumatlara da yer verilib.
İnfoqrafikalarda Xocalı soyqırımını törədənlərin ədalət qarşısına çıxarılması tələbi də vurğulanıb.
APNS təşkilatı Jang, Dawn, Nawa-i-Waqt kimi böyük informasiya agentlikləri və qəzet qrupları da daxil olmaqla özündə Pakistanın 170-ə yaxın nəşriyyat evini və şirkətini birləşdirir. Sözügedən infoqrafikalar APNS-ə üzv olan əksər Pakistan qəzetlərində yayılıb.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Qan yaddaşı 2022-02-27 01:03:00